Özəlləşdirilməyə çıxarılacaq müəssisələrin bir sıra vergi borcu silinəcək

Özəlləşdirilməyə çıxarılacaq müəssisələrin  bir sıra vergi borcu silinəcəkÖzəlləşdirilməyə çıxarılacaq müəssisələrin bir sıra vergi borcu silinəcək.

AZƏRTAC xəbər verir ki, bu, cari il martın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlət əmlaklarına şamil olunur. Dövlət əmlakının satıcısı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyi ilə birgə özəlləşdirilməyə çıxarılan müəssisələrin vergi borclarını dəqiqləşdirib. Artıq 140 müəssisə özələşdirilməyə hazırdır. Onlardan 40-ı Bakıda, digəriləri regionlarda yerləşən sənaye və kənd təsərrüfatı, eləcə də, turizm sahəsinə aid iri səhmdar cəmiyyətləri və digər obyektlərdir. Bu müəssisələrin ümumi əmlak və torpaq vergisi 10 milyon manat təşkil edir.

Yeni Qanun qüvvəyə minəndən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının, bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcların silinmə qaydaları da müəyyənləşdirilib. Əgər müəssisəni özəlləşdirən sahibkar özəlləşdirmə tarixindən etibarən bir il ərzində borcların 30 faizini ödəyərsə, ödənilməyən borc silinəcək. İki il ərzində borcların 50 faizi ödənildikdə isə qalan borc ləğv edilir və 3 il ərzində müəssisənin borclarının 70 faizi ödənildikdə qalan borc bağlanır. Həmçinin borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı varsa, yeni qaydalar qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək.

Ümumilikdə isə 2016-cı ildən keçirilən 160-dan çox açıq hərracda 50 minədək kiçik müəssisə və dövlət əmlakı özəlləşdrilib. Özəlləşdirmə çərçivəsində 1600-dən çox səhmdar cəmiyyəti yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 1-də “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.