“Əmi-dayı hesabına paqonlu vəkilliyə gəlməmişəm” - Anar Bağırov VK-ya qarşı ittihamlara cavab verdi

“Əmi-dayı hesabına paqonlu vəkilliyə gəlməmişəm” - Anar Bağırov VK-ya qarşı ittihamlara cavab verdi
Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov, keçmiş həmkarı Aslan İsmayılov öz şəxsi facebook səhifələrində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun və vəkil həmkarı Anar Qasımlının ünvanına sərt ittihamlar səsləndiriblər.

Bununla bağlı A.Bağırov açıqlama verib. O bildirib ki, tərifi və böhtanı sadəcə gülümsəyərək qarşılayır:

“Əvvəla qeyd edim ki, Vəkillər Kollegiyasına yüksək balla 2005-ci ildə keçirilən ilk test imtahanı verərək şəffaf sistemlə daxil olmuşam. Bəziləri kimi mən vəkilliyə Ədliyyə Nazirliyinin qərarı ilə qəbul edilməmişəm. Bu gün məni hədəfə alan şəxslərdən fərqli olaraq mənim dövlət qulluğunda, məhkəmə və ədliyyə sistemində çalışan heç bir qohumum, yaxınım yoxdur. Bunları xatırlatmaqda məqsədim budur ki, mən bu vəzifəyə öz zəhmətim hesabına gəlmişəm. Məni ittiham edənlərdən fərqli olaraq əmi-dayı hesabına paqonlu vəkilliyə gəlməmişəm. Kollegiyanın sədrliyinə də sadə vəkillikdən gəlmişəm və vəkillərin tam dəstəyi ilə seçilmişəm. Həmişə də bir çoxlarından fərqli olaraq prokuror, polis deyil vəkil olmağı arzulamışam”.

Sədr qeyd edib ki, dünən onu təbrik edənlər, bu gün hədəf alıb:

“Mənim heç kimlə problemim olmayıb. Biz öz işimizdə davam edirik. Adını çəkmək istəmədiyim şəxslər mənə kitablar göndərib, mənə təriflər deyirdilər. İndi nə oldu? Mən bütün bunları paxıllıq və kənardan idarə olunan qarayaxma kampaniyası kimi qəbul edirəm. Mən qara piarın texnologiyası ilə yaxşı tanışam. Onlar özləri şaiyələr yayır,daha sonra onun ətrafında müzakirələr açırlar. Məni hədəf almaqla bizim gördüyümüz işlərə kölgə sala bilməyəcəklər”.