Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Aktauda qeyd edilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Aktauda qeyd edilibAzərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə və dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə təşkil olunmuş tədbirdə universitetin rəhbərliyi, tələbələr, vilayətin akimliyinin (qubernatorluq) nümayəndələri, milli mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.

Tədbiri açan universitetin rektoru, professor Ablaz Taltenov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında, iki qardaş xalq arasında əlaqələrin möhkəmləndirilməsində, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsində Ulu Öndərin apardığı siyasətdən danışıb.

X.Dosmuxamedov adına Atırau Dövlət Universitetin rektoru Baş Konsulluq tərəfindən tələbələrə Heydər Əliyevin adı ilə bağlı birdəfəlik təqaüdlərin verilməsini yüksək qiymətləndirib.

Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun rəhbəri Elxan Zeynalov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri barədə danışıb. Baş konsul artıq səkkizinci ildir təqdim olunan təqaüdün qaliblərinin əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələr arasından seçildiyini qeyd edib.

Diplomat, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi haqqında məlumat verib.

Daha sonra Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, habelə bu sahədə aparılmış və hazırda davam etdirilən siyasətdən danışıb.

Çıxışlardan sonra universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş Konsulluq tərəfindən nəşr etdirilən “İki xalq–bir tale” kitabları, həmçinin Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə 75 min tənqə məbləğındə təqaüd təqdim edilib.

Heydər Əliyev təqaüdünə layiq görülmüş tələbələr minnətdarlıqlarını bildiriblər.

Tədbirdə universitetin baş müəllimi, filologiya elmləri namizədi, dosent Marta Kurkutova “Nəsimi yaradıcılığının irsi” mövzusunda, fəlsəfə elmləri namızədi Azamat Kenjebayev “Nəsiminin fəlsəfi baxışları və müasir dövr” mövzusunda çıxışlar ediblər.

Universitetın tələbələri Azərbaycan və rus dillərində Nəsiminin şeirlərini oxuyublar.

Qeyd edək ki, Nəsiminin 650 illik yubileyi ilə bağlı universitetin filologiya fakültəsinin tələbələri üçün xüsusi dərslər keçirilib və “Nəsimi” filmi nümayiş olunub.