Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır

Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdırHeydər Əliyev Fondu on beş il ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər görüb. Təhsil sahəsində Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr edilən mərasimdə söyləyib.

Prezident vurğulayıb Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür.