Ermənistan bu gün dalana dirənmiş vəziyyətdədir - MÜSAHİBƏ

Ermənistan bu gün dalana dirənmiş vəziyyətdədir - MÜSAHİBƏ

"Trend" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, siyasi ekspert Sahil Kərimlinin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Bildiyimiz kimi Brüsseldə üçtərəfli görüş baş tutdu. Brüssel görüşünün görünən və görünməyən tərəfləri nələrdir?

- Hesab edirəm ki, artıq Ermənistanın başqa yolu yoxdur. Çünki Ermənistan çox yaxşı başa düşür ki, sülh danışıqları prosesinə başlanılmalıdır. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər var. Bu maddələr nəzərə alınaraq sülh prosesi başladılmalıdır. Ermənistanın bugünkü vəziyyəti məlumdur. Ermənistan bu gün dalana dirənmiş bir vəziyyətdədir. Bu səbəbdən Ermənistanın yeganə çıxış yolu razılaşmalara əməl etməkdir. Çünki Ermənistanın gələcəyi bu razılaşmaların həm siyasi, həm iqtisadi, həm də siyasi regional baxımından necə icra olunmasından asılıdır. Burada həmçinin Avropa İttifaqının da öhdəliyi var. Əlbəttə ki, bu razılaşmalar Avropa İttifaqı səviyyəsində baş tutub. Gələcəkdə ən önəmli məqamlardan biri ondan ibarətdir ki, biz artıq danışıqları heç bir dövlətin müdaxiləsi olmadan həyata keçirəcəyik. Məlumdur ki, hansısa bir üçüncü, dördüncü tərəf danışıqlar prosesində iştirak etdikdə öz maraqlarından çıxış edir. Bu da proseslərin ləngiməsinə, hər hansı bir problemin yaranmasına səbəb olur. Əgər danışıqlar tərəflər arasında yəni birbaşa Azərbaycan və Ermənistan arasında aparılarsa, hesab edirəm ki, bu da çox müsbət nəticələrə gətirib çıxara bilər. Brüssel görüşünün nəticələri Azərbaycan üçün olduqca qənaətbəxşdir.

- Brüssel platforması sülhün tezliklə əldə olunmasında real görünürmü?

- Əlbəttə ki, birmənalı olaraq bu barədə fikir bildirmək çətindir. Amma bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Avropa İttifaqının prezidenti Şarl Mişel bəyanatında çox əminliklə bildirdi ki, biz artıq proseslərə başlamışıq, çox müsbət razılaşmalar əldə olunub. Şarl Mişelin bəyanatlarına istinadən desək, hansısa müsbət gedişlər gözləmək olar. Amma biz dəfələrlə Ermənistan tərəfinin verdiyi sözlərdən döndüyünün şahidi olmuşuq. İstənilən halda istər Avropa İttifaqı, istər Rusiya tərəfi bu məsələnin həll olunmasının uzadılmasına nə qədər çalışsalar da, Azərbaycan tərəfi heçnə itirmir. Sülh danışıqlarının başlanılması, sərhədlərin müəyyən olunması, kommunikasiyaların açılması, mehriban qonşuluq münasibətlərinin qurulması Azərbaycandan daha çox Ermənistana lazımdır. Bunu Ermənistan da çox yaxşı başa düşür. Bu gün Ermənistan cəmiyyəti, Ermənistan hakimiyyətində olan qüvvələr də çox yaxşı başa düşürlər ki, Azərbaycanın irəli sürdüyü təkliflər daha çox Ermənistanın xeyrinə olan təkliflərdir.

- Ermənistan bu məsələlərdə nə dərəcədə səmimidir?

- Səmimi görünmək üçün müstəqil olmaq lazımdır. Təəssüf ki, bu gün Ermənistan nəinki müstəqildir, heç daxili siyasət yürüdə bilmir. Gah Rusiyaya, gah da Qərbə meyllənir. Bu da əlbəttə ki, Ermənistan dövləti üçün yaxşı heçnə vəd etmir. Qeyd etdiyim kimi Azərbaycanın burada itirəcəyi heçnə yoxdur. Hazırda gedən proseslərdən Ermənistan nəticə çıxarmalıdır.

- Əgər, Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması olmasa, yəni Ermənistan tərəfindən hər hansı bir təxribata əl atılarsa, Azərbaycan bir güllə atmadan Fərrux ssenarisini digər istiqamətlərdə də davam etdirə bilərmi?

- Əlbəttə ki... İlk gündən cənab Prezident İlham Əliyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun gücünü, qüdrətini və Ermənistan ordusunun necə rəzil vəziyyətə düşdüyünü bütün dünya gördü. Əgər, Ermənistan tərəfindən hər hansı bir revanşist addım olarsa, qanunsuz erməni silahlı dəstələrinin təxribatları olduğu halda onlar dərhal susdurulur. Hesab edirəm ki, növbəti günlərdə daha çox sülh prosesinin şahidi olacağıq. Ermənistan çox gözəl başa düşür ki, onun başqa çıxış yolu Azərbaycan ilə sülhdən, ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin müəyyənləşdirilməsindən keçir.

Məqalədə:
Ermənistan