Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdü - YENİLƏNDİ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdü - YENİLƏNDİ
Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnasakanyan arasında görüş keçirildi.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.
***
Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zohrab Mnasakanyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşü başlayıb.
Publika.az xəbər verir ki, bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan tvitter hesabında yazıb.
Görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın sabah Avstriyanın paytaxtında keçiriləcək görüşü ərəfəsində reallaşıb. Bu, ölkə liderlərinin birinci rəsmi görüşü olacaq.