Aşqabadda Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş eko-moda sərgisi keçirilib

Aşqabadda Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş eko-moda sərgisi keçirilibAşqabadda dayanıqlı moda (Sustainable fashion) və əşyaların rasional istifadəsi üzrə təşkil olunmuş eko-moda sərgisi hər il aprelin 22-də qeyd olunan Beynəlxalq Yer Kürəsi Gününə həsr edilib.

AZƏRTAC ORIENT agentliyinə istinadla xəbər verir ki, BMT-nin Türkmənistandakı əlaqələndiricisi Yelena Panova günümüzdə dayanıqlı modanın daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bunun sayəsində həm əhalinin məşğulluğu təmin edilir, hə də iqlim dəyişməsi təhlükəsi azalır. BMT-nin nümayəndəsi əlavə edib ki, bu səbəblərdən dayanıqlı inkişafın üç mühüm tərkib hissəsinə - istehlakın azaldılması, təkrar istifadə və təkrar emal prinsiplərinə əməl olunmasına səy göstərilir.

Məlum olduğu kimi, toxuculuq məhsullarının istehsalı zamanı yaranan qaz tullantıları beynəlxalq reyslər və dəniz daşımalarının birlikdə atmosferə emissiyasından çoxdur. Ona görə bu istehsal sahəsində daha səmərəli yeniliklər tətbiq olunmalıdır. Eyni zamanda, moda geydiyimiz paltar və ayaqqabının istehsalı üçün daha çox su ehtiyatlarından istifadə olunmasını tələb edir.

Ətraf mühitin mühafizəsi prinsiplərinə uyğun olaraq, BMT-nin komandası Türkmənistanın gənc dizaynerlərini moda sənayesinin mənfi təsirinin azaldılmasına yönəldilmiş xüsusi layihəyə cəlb edib. Onlar bir neçə həftə ərzində təşkilatın əməkdaşlarının topladığı lazımsız paltar və digər toxuculuq məhsullarından dəbə uyğun və gündəlik həyatda istifadə edilən əşyaları hazırlayıblar.

Sərgiyə gələnlər bu layihənin uğurla həyata keçdiyinin şahidi olublar. Dizaynerlər həqiqətən də ekoloji cəhətdən təmiz əşyalara ikinci həyat veriblər və onlardan sadə və gözəl, həm də dəbə uyğun geyim və aksesuarları, o cümlədən əl işləri düzəldiblər. Belə ki, burada nümayiş etdirilən gitara üçün çexolun bundan əvvəl gödəkcə olduğunu təsəvvür etmək çətindir. Ekoloji çantalar, orijinal yastıqlar və digər ev əşyaları xüsusi zövqlə hazırlanıb. Bu əşyaların hər biri unikaldır və sərgiyə gələnlər tərəfindən məmnuniyyətlə satın alınıb. Toplanan vəsaitlər isə xeyriyyə məqsədləri üçün istifadə olunacaq.