Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri təşkil edilib

Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri təşkil edilib“Holcim Azərbaycan” ASC və “Xəzər Qayğıkeşlik layihəsi” İctimai Birliyinin birgə əməkdaşlığı ilə Qaradağ rayonun Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri təşkil olunub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, göz xəstəliklərinin bir çoxu erkən yaşlarında meydana çıxır. Məhz buna görə də, xəstəliyin diaqnozunun ilkin vaxtlardan qoyulması və düzgün müalicənin təyin olunması vacib şərtlərdən biridir. Bu məqsədlə “Holcim Azərbaycan” və “Xəzər Qayğıkeşlik layihəsi” İctimai Birliyinin birgə əməkdaşlığı ilə Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri keçirilib. Kampaniyanın məqsədi məktəb yaşlı uşaqları müayinə edərək onların oftalmoloji problemlərini aşkara çıxarmaq və həllinə köməklik göstərməkdir.

“Holcim”in Gənclər Mərkəzində baş tutan aksiyada “Xəzər Qayğıkeşlik layihəsi”nin səyyar klinikasının peşəkar həkim-oftalmoloqu Könül İmrəliyeva deyib: “Bu gün biz 40-dək uşağı müayinə etdik. Uşaqlar müayinə edilib, ehtiyacı olanlara müalicə təyin etdik və eynək reseptləri yazdıq. Daha ciddi müayinə tələb olunan xəstələrə Xəzər klinikasında müayinədən keçmələri üçün təyinatlar verilib”.

Mobil klinikanın həkimi uşaqlara və valideynlərə yaz mövsümü ilə əlaqədar mövsümi göz problemləri ilə bağlı faydalı məsləhətlər veriblər. Bu layihə Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrində ötən illərdə də keçirilib. Müayinələrin qarşıdakı aylarda Sahil qəsəbəsində də keçirilməsi nəzərdə tutulub.