Bu gün müqəddəs Ramazan ayı başlayır

Bu gün müqəddəs Ramazan ayı başlayırBu gün müqəddəs Ramazan ayı başlayır.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının mübarək Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqinə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır. Niyyət gecəsi isə mayın 5-dən 6-na keçən gecəyə düşür”.

Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcını, namaz vaxtlarını və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.