“Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” mövzusunda müzakirələr aparılıb

sosial sebeke

“Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” mövzusunda müzakirələr aparılıbMayın 14-də Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ADA Universitetində “Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” mövzusunda dəyirmi masa təşkil edib.

AZƏRTAC xəbər verir ki, AMAK-ın prezidenti Vüsal Rəcəbli tədbirdə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Prezident İlham Əliyev tərəfindən 2018-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq cəmiyyətin maarifləndirilməsində KİV-in, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu ilə bağlı müzakirələrin aparılmasıdır.

Sonra yol hərəkəti ilə bağlı sosial çarx nümayiş olunub.

Dəyirmi masada hüquqşünas Ərşad Hüseynov Dövlət Proqramının əhəmiyyətindən, buradakı yeniliklərdən danışıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev “Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş təbliğat işinin DYP-nin fəaliyyətində prioritetliyi”, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “BNA və yol hərəkətinin təhlükəsizliyi üzrə islahatlar/layihələr" mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının səmərəli icrası üçün əməkdaşlıq yolları, bu sahədə beynəlxalq və milli səviyyədə mövcud vəziyyət, problemlər və nailiyyətlərlə bağlı məlumatın cəmiyyətə düzgün qaydada ötürülməsi yollarından danışılıb.

SON XƏBƏRLƏR