Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilirMayın 25-də B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan “Hematologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir. AZƏRTAC-ın məlumatına görə, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistandan olan alim hematoloq və transfuzioloqlar iştirak edirlər.

Tədbirdə çıxış edən institutun direktoru Zöhrə Əlimirzəyeva bu günün hematoloqlar üçün əlamətdar gün olduğunu qeyd edib. O, bildirib ki, ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlar aparılır, tibb müəssisələrinin maddi texniki-bazası möhkəmləndirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları qəbul edilib. İnstitut da səhiyyənin inkişafında əldə edilən dinamik inkişaf tendensiyasından geri qalmayıb. Azərbaycanda hematologiya sahəsində böyük işlər görülüb, əhaliyə göstərilən hematoloji xidmət standartlara uyğun şəkildə qurulub. Ölkəmizdə hematologiya və transfuziologiya sahəsi daim diqqət mərkəzində saxlanılır. Son zamanlar bu sahədə Milli Məclis tərəfindən 3 qanunun, Nazirlər Kabineti tərəfindən isə 4 dövlət proqramının qəbul edilməsi bu diqqətin bariz nümunəsidir.

İnstitutun direktoru rəhbərlik etdiyi qurumda indiyədək keçirilən beynəlxalq tədbirlər haqqında da danışıb.

Sonra Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov "B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu: 75 illik tarixlə gələcəyə" mövzusunda təqdimatla çıxış edərək institutun tarixi haqqında məlumat verib.

Konfrans müxtəlif mövzularda məruzə və müzakirələrlə davam etdirilir.