Azərbaycanın bir qrup QHT nümayəndəsi Gürcüstanda səfərdədir

Azərbaycanın bir qrup QHT nümayəndəsi Gürcüstanda səfərdədirAzərbaycanın Qeyri-Hökumət Təşkilatlarının bir qrup nümayəndəsi Gürcüstana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşkilatçılığı ilə reallaşan səfərin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümündə bir sıra tarixi yerləri ziyarət etmək, həmçinin, gürcü QHT-lərlə görüşmək və Azərbaycan mədəniyyətini, incəsənətini nümayiş etdirməkdir.

Səfər çərçivəsində QHT nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov onlara ölkələrimiz arasında münasibətlər, iştirak etdikləri birgə qlobal layihələr, eləcə də park barədə məlumat verib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri sonra Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarixi binaya baş çəkib.