Mayami şəhərində Respublika Günü qeyd olunub

Mayami şəhərində Respublika Günü qeyd olunubABŞ-ın Mayami şəhərində Respublika Günü qeyd olunub.

Tədbirdə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məlumat verərək, 28 Mayın Azərbaycan xalqı üçün əlamətdar tarixi hadisə olduğunu bildirib.

Sonra Mayami-Deyd dairəsinin meri Karlos Ximenes və Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Adamsın imzaladıqları 28 May tarixinin Azərbaycan Milli Günü elan edildiyini bildirən bəyannamələri oxunub.

Bəyannamələrdə qeyd olunur ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb və Respublika Gününün Amerikada qeyd olunması ABŞ-Azərbaycan münasibətlərinin tərənnümüdür. Bildirilir ki, AXC qadınlara kişilərlə bərabər hüquqlar verən ilk dövlətlərdən biri olub.

Mayami şəhərinin meri tərəfindən imzalanan bəyannamədə Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanır.

Tədbirdə iştirak edən azərbaycanlı uşaqlar Azərbaycanın Dövlət himnini ifa ediblər.