İlin ötən dövründə əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb

İlin ötən dövründə əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıbPrezident İlham Əliyevin müvafiq Sərəncamı ilə minimum əməkhaqqının cari il martın 1-dən orta hesabla 40 faiz artırılması, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək müqavilələrinin sayında ardıcıl artıma imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb.

Həmin əmək müqavilələrindən 66 min 268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım özünü göstərmişdi.