Jurnalistika və İnkişaf Mərkəzi yol hərəkəti qaydaları ilə bağlı yeni layihəyə start verilib

Jurnalistika və İnkişaf Mərkəzi yol hərəkəti qaydaları ilə bağlı yeni layihəyə start verilib“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsinin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılacaq, xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq.

Bakıda və Gəncədə təşkil olunacaq tədbirlərdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması, bu sahədə qaydalarla bağlı biliklərin verilməsi, yol qəzalarının, o cümlədən piyadavurmaların səbəblərinin araşdırılması, yol hərəkəti iştirakçılarının yol polisi əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri aparılacaq.

Məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və belə hallardan heç kimin sığortalanmadığı nəzərə alınaraq mövcud qaydalara əməl edilməsi barədə təşviqat işinin gücləndirilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində Dövlət Yol Polisi əməkdaşları və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər seçilərək mükafatlandırılacaq və cəmiyyətə tanıdılacaq, onların müsbət təcrübələri təbliğ ediləcək.