Qubada "Uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda səyyar kurs keçirilib

Qubada "Uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda səyyar kurs keçirilibQubada Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası tərəfindən "Uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda səyyar kurs keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursda Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında çalışan 31 həkim-pediatr, neonatoloq və təcili tibbi yardım həkimləri iştirak ediblər.

Pediatriya kafedrasının müdir əvəzi, professor Rəqsanə Məmmədovanın rəhbərliyi ilə aparılan dərsləri dosentlər Mətanət Qaraxanova, Zemfira Quliyeva və assistent Təranə İbadova aparıb. Kurs ərzində uşaqlarda infeksion xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlərin xüsusiyyətləri, həmin vəziyyətlərdə yardım prinsipləri və alqoritmləri, müalicə taktikaları həkim-dinləyicilərə təqdim edilib.

Eyni zamanda dosent Mətanət Qaraxanova Quba rayonu Perinatal Mərkəzinin tibbi heyətinə Səhiyyə nazirinin keçən il dekabrın 3-də 505 saylı “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası barədə” əmri ilə əlaqədar məlumatları çatdırıb. Bundan başqa uşaq poliklinikasında çalışan tibb işçiləri ilə görüş keçirilib və onlara uşaq sağlamlığı ilə əlaqədar yeni yanaşmalar, uşaq hüquqları və digər aktual məsələlər barədə məlumatlar verilib.