Ölkə ərazisi üçün karantin hesab edilən zərərli orqanizmlərlə mübarizə tədbirləri davam etdirilir

Ölkə ərazisi üçün karantin hesab edilən zərərli orqanizmlərlə mübarizə tədbirləri davam etdirilirXəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin ölkə ərazisində apardığı fitosanitar müşahidələr zamanı Bakı ətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən Aralıq dənizi meyvə milçəyi aşkar edilmişdi.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünü nəzərə alaraq respublika ərazisində yayılma arealının müəyyənləşdirilməsi məqsədi ilə Agentlik əməkdaşları tərəfindən müşahidələrə başlanılıb. Müşahidələr zamanı meyvələrdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib, nümunələrdə zərərli orqanizmə və onun izlərinə rast gəlinməyib.

Prosesin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Agentlik tərəfindən Abşeron rayonu, Bakı və Bakı ətrafı ərazilərdə feremonlu tutucu tələlərin istifadəsinə başlanılıb. Prosesə iri təsərrüfat sahələrinin sahibləri ilə yanaşı, həyətyanı sahələrin sahibləri də cəlb olunub.

Qeyd edək ki, polifaq zərərvericilərdən olan Aralıq dənizi meyvə milçəyi dünyanın bir çox ölkələrində -Türkiyə, Albaniya, Əlcəzair, Fransa, Yunanıstan, Almaniya, İsveç, Avstriya, Belçika, Niderland və s. kimi ölkələrdə daha geniş yayılıb. 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan həmin zərərverici meyvələrin, əsasən, lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.