5 yaşlı Sahib nə danışır, nə eşidir: “Mehriban xanım, yalvarıram kömək edin” - Video

5 yaşlı Sahib nə danışır, nə eşidir: “Mehriban xanım, yalvarıram kömək edin” - Video
Bayandurlu Sahib...Cəmi 5 yaşı var. Evin tək övladıdır. Nə eşidir, nə danışır. O da danışmaq, eşitmək arzusundadır. Amma anadangəlmə eşitmə və danışma qabiliyyətini itirib. İndi Sahibin düzəlməsi Allahın və imkanlı, xeyirxah insanların ümidinə qalıb.

Cahan.info xəbər verir ki, bu barədə müstəqil jurnalist Xəyyam Salmanzadə onun ailəsindən çəkiliş aparıb. Jurnalistin sözlərinə görə, Sahibin əməliyyata ehtiyacı var.

Uşağın nənəsi Nərgiz Bayandurova 1993-cü ildən Laçından qaçqın düşdüklərini söyləyir. Hazırda kirayədə yaşayırlar.

Ailənin maddi gücü çatmır ki, Sahibin dili açılsın, qulağı eşitsin. Çünki buna görə həkimlər nə az, nə çox əməliyyatın 40 min manata başa gələcəyini bildiriblər.

N.Bayandurova bildirir ki, nəvəsinin 4-cü dərəcəli eşitmə problemi var, üstəlik xroniki bronxitdir. Onun boğaz və burun əti kəsilməlidir. Lakin danışma qabiliyyəti olmadığı üçün heç bir həkim risq edərək boğaz-burun əməliyyatını öhdəsinə götürmür.

Sahibin dilinin açılması üçün ayrıca bir əməliyyatdır. Buna görə 40 min manat lazımdır. Nənəsi deyir ki, uşağın babası mədəsindən əməliyyat olunub, özü xəstədir:

“Oğlum dərmanların pulunu verə bilmir. Kirayədə qalırıq, güclə çatdırırıq. Balaca Sahibimin dilinin açılması dövlətimizdən, imkanlı, gözəl insanlarımızdan asılıdır.

Burdan hamıya üz tuturam, prezidentimizdən, Mehriban xanımdan, cənab nazir Oqtay Şirəliyevdən, xeyirxah, imkanlı şəxslərdən xahiş edirəm, yardım göstərin. Bizi də, balamı da sevindirin”.

N.Bayandurova Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev fondundan qulaq üçün aparat verildiyini bildirib: “Mən dövlətimizə inanıram. Mehriban xanım heç kəsi ümidsiz qoymur, heç kimi qapısından əliboş qaytarmır.

Bu müraciətimə də müsbət cavab veriləcəyinə ümid edirəm. Sahib bu evin tək uşağıdır, övladımın bircəciyidir. Onun da arzuları, xəyalları var.

Nə edək, əlimizdən heç nə gəlmir. Prezidentdən, Səhiyyə Nazirliyindən, bütün imkanlı azərbaycanlılardan xahiş edirəm ki, balamın əməliyyatı üçün yardım edilsin.

40 min insan hərəsi bir manatdan köməklik eləsə, tezliklə Sahibin səsini eşidəcəyik, anasından, atasından nə istədiyini öz dili ilə deyəcək, eşidəcək. Sizin də balalarınız var. Hər bir insan valideyn olanda bilir ki, övladının qarşısında çarəsiz qalmaq nədir.

Cənab prezident və Mehriban xanım başda olmaqla Azərbaycan xalqından, gözəl millətimizdən, qeyrətli oğullarımızdan kömək gözləyirik”.