Təhsil Nazirliyi 4000 şagirdə görə narahatdır

"Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir".

İctimaixəbər.com bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır: "Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".

Nazirin sözlərinə görə, sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər: "Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün səbəbdir".