Azərbaycanda məktəblər açılır

Azərbaycanın təhsil müəssisələrində tədris sentyabrın 15-dən bərpa ediləcək.

İctimaixeber.com xəbər verir ki, bunu avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir deyib ki, sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edilir.
5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri isə 15 sentyabrdan onlayn qaydada başlayır.

Nazir bildirib ki, 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur.

Bu tədris ilində məktəblərlə yanaşı uşaq bağçaları da açılacaq. İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur.

O bildirib ki, uşaq bağçalarında kiçik yaşlı uşaqların təhsil almasına baxmayaraq, bağçalar ən mürəkkəb təhsil pilləsi hesab olunur. Burda isə distant formada qayğı göstərmək mümkün deyil.

Bu mənada virusun yayılma tezliyi nəzərə alınmaqla uşaq bağçaları mərhələli şəkildə fəaliyyətə başlayacaq, oktyabrın 1-dən isə tam açılacaq.

Nazir bildirib ki, bu il məktəbəhazırlıq qruplarında 120 minə qədər uşağın təhsil alacağı gözlənilir. Uyğunlaşdırılmış modeldə bu qruplarda da tədrisin oktyabr ayının 1-dən başlanması planlaşdırılır. Amma sinifdaxili sıxlığı azaltmaq üçün qruplar iki yerə bölünməli və hər qrup həftədə iki dəfə məktəbə gəlməlidir.

Emin Əmrullayev sinifdəki şagird sıxlığı məsələsinə də toxunub. O bildirib ki, hazırda bir sinifdə nə qədər sayda şagird sıxlığının olması ilə bağlı normalar hazırlanır. Həmçinin soyunub-geyinmə otaqları mövcud şəraitdə imkan vermirsə, bədən tərbiyəsi fənni tədris olunmayacaq.

Sentyabrın 15-dən ali məktəb tələbələri onlayn dərslərə başlayır.Amma 1-ci kurs tələbələri istisnadır.

Şagird və müəllimlərin maska taxma məsələsinə gəlincə isə nazir bildirib ki, maska istifadəsi azyaşlılar üçün virus mənbəyinə səbəb olar. Ona görə də aşağı sinif şagirdlərinin maska taxıb-taxmaması qərarını valideynlər verəcək. Lakin müəllimlərin maskadan istifadəsi məcburi olacaq. Şagirdlərin hərarətinin ölçülməsinə, sosial məsafənin qorunmasına nəzarət ediləcək.